Franz Kafka
Belə nəql
edirlər ki, imperator birbaşa ölüm yatağından yalnız sənə, kədərli təbəəsinə,
imperiya günəşinin ən uzaq məsafəsində ikiqat əyilmış cılız kölgəsinə bir xəbər
göndərib. Qasidə yatağının kənarında diz çökməyi əmr etdi və xəbəri ona
pıçıldadı. Xəbəri çox əhəmiyyətli sayaraq elçiyə göstəriş verdi ki, ağzını onun
qulağına yaxınlaşdırıb dediklərini təkrarlasın. O, elçinin söylədiklərinin
doğruluğunu başını yelləyərək təsdiqlədi. Ölümünə şahidlik etmək üçün gəlmiş
bütöv izdihamın qarşısında –bütün əngəl divarları sökülmüşdü və pilləkanların geniş və hündürə yüksələn pillərində
sıra-sıra imperiyanın bütün böyükləri düzülmüşdü—elçini yolladı. Qasid, o güclü
və yorulmaz adam dərhal yola düşdü. Qolunun birini, daha sonra o birini irəli verərək
izdihamın içindən özünə yol açırdı. Müqavimətə rast gəldikdə günəş işarəsi olan
sinəsini barmağı ilə işarə edirdi. Beləcə o, asanlıqla irələyirdi, hər kəsdən fərqli
olaraq. Amma izdiham çox böyükdür; onun sərhədi sonsuzdur. Açıq sahə olsa idi,
sahə boyunca necə uçduğunu və tezliklə necə qapında ecazkar yumruq vurduğunu
duyardın, amma bunun əvəzində, onun bütün səylərinin nə qədər faydasız olduğuna
şahidlik edirsən. Daxili sarayın gizli otaqlarından hələ də irəliyə atılırdı,
amma heç vaxt buradan özünə yol aça bilməyəcək, aça bilsə belə, heç nə əldə
edilməyəcək idi. O, pilləkənlərdə mübarizə aparar, bunu bacarsa belə, heç nə əldə
edilməyəcək idi. Həyətlər və həyətlərdən sonra birincini əhatə edən ikinci
sarayda və yenidən pilləkanlar və həyətlərdə, sonra daha bir sarayda və beləcə
minlərlə il addımlamağa məcbur qalacaqdı. Əgər nəhayət ən sonuncu qapıdan qəfil
daxil olsa idi- amma bu, heç, heç vaxt baş verə bilməz- paytaxt şəhəri,
dünyanın mərkəzi dağıntılarla dolu və hündür qalaqlanmış şəkildə yenə də onun
qarşısında olacaqdı. Heç kim yolunu buradan salmır, xüsusən ölü bir adamdan bir
xəbərlə.. Sən isə axşam düşəndə pəncərənin önündə əyləşib o xəbərin xəyalına
dalarsan.
Hekayə hərəkətin
məntiqi olaraq mümkünsüz olduğunu sübut edən Zeno paradokslarından birinin
versiyasıdır. A nöqtəsindən B nöqtəsinə getmək üçün birinci növbədə məsafənin
yarısı qət edilməlidir. Amma həmin yarım məsafəni qət etmək üçün birinci yarım
nöqtəyə qədər olan məsafənin yarısı qət edilməlidir və s. Sonda istənilən iki
nöqtə arasında hərəkət etmək sonsuz sayda ilkin addımlar tələb edir və bu o mənaya
gəlir ki, heç vaxt təyinat yerinə gəlib çatmaq mümkün olmayacaq.
Hekayə
başqa bir məqama diqqət çəkir. Hətta xəbər gəlib çatsa belə, xəbərin mənbəsi
olan şəxs artıq həyatda deyil. Bu xəbər keçmişdəndir, ölmüş şəxsdəndir. Münasibət
həmişə itkini, artıq cari olmayan məlumat ötürülməsini özündə ehtiva edir, bu,
elə bizim gözlərimizə bənzəyir, o gözlər ki, bizə bir dəqiqə əvvəl mövcud olmuş
dünyanı göstərir. Biz heç vaxt real dünyanı, müşahidə obyektini olduğu anda qavraya
bilmirik.
Hekayə
imperatorun qasidə mesajını pıçılması ilə başlayır, hətta qasidə məcbur edir
ki, onu təkrar etsin. Vacib mesajdır. Vacib və şəxsi. Sonda isə xəbər göndərilən
şəxs pəncərə qarşısında əyləşib xəbərin xəyalını qurur. Burada bütün bəşəriyyətə
bir müraciət var: insanlar arasında bağ xatirə və niyyətdə - keçmiş və hazırki –
birləşib. Bu iki həqiqətin qarşılaşdırılması hekayənin əsas mesajıdır.
Biz daha
çox Kafka oxumalıyıq.
![]() |
Fransız rəssamı Jean Baptiste Vanmour tərəfindən çəkilmiş rəsm. III Sultan Əhmədin holland elçisi "Cornelis Calkoen"i qəbul etməsi (1727, İstanbul) |